Almaniya hökuməti Ukraynanın çoxdan tələb etdiyi “Leopard 2” tanklarını təhvil vermək qərarına gəlib. Almaniya, ilk öncə sözügedən tankları satdığı ölkələrə istəyəcəkləri təqdirdə onları Ukraynaya göndərməyə icazə verib. Bu qərarla həm Almaniyadakı koalisiya hökumətinin tərəfdaşları, həm də Berlin, Vaşinqton və bəzi Avropa İttifaqına üzv ölkələrin paytaxtları arasında növbəti böhran aradan qaldırıldı. Lakin Berlin və Moskva arasındakı böhran daha da pisləşir. Məhz bu səbəbdən Almaniyadakı federal hökumətin əsas tərəfdaşı olan Sosial Demokrat Partiyasının (SPD) kansleri Olaf Şolts ölkəsinin Ukraynaya “Leopard 2” tanklarının verilməsinə qarşı idi. Şolts və SPD-nin digər tanınmış siyasətçiləri Rusiya ilə Qərb arasındakı böhranda lider rolunu almaq istəmirlər. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri onların yeritdikləri siyasət bunu açıq şəkildə göstərir. Almaniya həmişə Ukraynaya silah tədarük etməkdə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən çəkinib. Koalisiya tərəfdaşları ABŞ və Avropa ictimaiyyətinin təzyiqləri qarşısında geri addım atmalı və həm silah tədarükü, həm də Rusiyaya qarşı sanksiyalarda Vaşinqtonun xəttini izləməli oldular. Bu prosesdə koalisiyanın kiçik partnyorları olan Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) aparıcı siyasətçiləri bildiriblər ki, “Leopard 2” tankları “sadəcə öz azadlığı üçün deyil, həm də Avropa uğrunda döyüşən” Ukraynaya verilməlidir, habelə Almaniya ondan gözlənilən liderliyi üzərinə götürməlidir. Digər tərəfdən, SPD-nin sədri Rolf Mützeniç, “Leopard 2” tanklarının Ukraynaya çatdırılmasını müdafiə edənlərin Almaniyanı “silahlı qarşıdurmanın bir hissəsi olmağa çağırdıqlarını və onların sabah “hərbi təyyarələr və əsgərlər göndərək” deməyə başlayacaqlarını bildirərək Berlinin ehtiyatlı siyasət yürütməli olduğunu müdafiə edib. Buna baxmayaraq, kansler Şolts koalisiyanın kiçik tərəfdaşlarının təzyiqi qarşısında Ukraynaya 14 “Leopard 2” A6 tankı göndərmək qərarına gəlib.
Şoltsun qərarında İngiltərənin Ukraynaya tank göndərəcəyini bildirməsi və ABŞ-ın “Abrams” tanklarını göndərməyə hazır olduğuna dair işarələr də təsirli oldu. Şolts bu yolla Qərbin Rusiyaya qarşı mübarizəsində Almaniyanın istəmədiyi “liderlik” rolunu öz üzərinə götürmək məcburiyyətində qalmayacağını düşünür.
2. Tankların göndərilməsi Almaniya üçün nə deməkdir?
“Leopard 2” tanklarının Ukraynaya çatdırılması qərarı, hər şeydən əvvəl, kansler Şolts üçün növbəti məğlubiyyət deməkdir. Bu, Şoltsun kiçik koalisiya tərəfdaşlarına, transatlantik tərəfdaşlıqdakı ABŞ-a, Aİ çərçivəsində Polşa, Litva və Estoniya kimi ifrat anti-Rusiya xəttinə sahib tərəfdaşlarına qarşı məğlubiyyəti deməkdir. Bütün bu aktorlar birləşərək Almaniyadakı koalisiya hökumətinin əsas ortağı olan SPD-ni və bu partiyanın baş nazirini bir daha geri addım atmağa vadar etdilər. Burada maraqlı olan odur ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan dərhal sonra Qərb müttəfiqlərindən tank tələb etsə də, nə ABŞ, nə İngiltərə, nə də Fransa bu tankları tədarük etməyib, lakin daha çox Almaniya günahkar olaraq qəbul olunur. ABŞ xaricə daşınmanın çətin olacağı və yanacaq uyğunsuzluğu kimi qəribə əsaslarla “Abrams” tanklarının Ukraynaya çatdırılmasını son ana qədər rədd edərkən, Britaniya 14 “Challenger 2” tankının yalnız keçən həftə Ukraynaya çatdırılacağını açıqladı. Bundan əlavə, Almaniyanın müharibə başlayandan bəri ABŞ və İngiltərədən sonra Ukraynaya ən çox silah dəstəyi verən üçüncü ölkə olduğunu nəzərə alsaq, Berlindəki federal hökumətin imicini çox pis sərgilədiyi anlaşılır. Almaniya bu günə qədər Ukraynaya bir neçə təkmil silah platforması, o cümlədən “Gepard” zenit qurğuları, haubitsa topları, YARS-lar və IRIS-T hava hücumundan müdafiə sistemi tədarük edib. Yekun olaraq, Almaniyanın Ukraynaya bu qədər dəstək verərkən bu sahədə belə pis imicinin olması koalisiya hökumətini formalaşdıran tərəfdaşlar arasında fikir ayrılığı və rəqabətlə izah oluna bilər. Ukrayna-Rusiya müharibəsində Yaşıllar və FDP-nin Vaşinqtona SPD-dən daha yaxın olması Almaniyanın bu məsələdə rasional siyasət yürütməsinə mane olur.
3. Alman tankları müharibənin taleyinə necə təsir edə bilər?
Hazırkı mərhələdə rus qoşunlarına qarşı irəliləməkdə çətinlik çəkən və hətta bəzi kritik cəbhələrdə geri çəkilmək məcburiyyətində qalan Ukrayna ordusunun dünyanın ən yaxşı tanklarından biri kimi göstərilən “Leopard 2” tanklarına sahib olması müharibənin gedişi üçün mühüm nəticələr yarada bilər. Bu silahlara sahib olmaq Ukraynaya Rusiyadan gözlənilən yaz əməliyyatını dəf etməyə və qoşunlarının irəliləməsinə kömək edə bilər. Bununla belə, bu tanklardan neçəsinin və nə vaxt gətiriləcəyi də vacibdir. Almaniyadan başqa Polşa, İspaniya, Hollandiya və Finlandiya kimi ölkələr Berlinin icazəsi ilə Ukraynaya “Leopard” tanklarını təhvil verəcəklərini açıqlayıblar. Bununla belə, Almaniya müdafiə nazirinin göndərilməsi planlaşdırılan “Leopard 2” A6 tanklarının ən tez 3 ay ərzində təhvil verilə biləcəyi ilə bağlı açıqlaması da Ukrayna ordusunun cəbhədə üstünlük yaratmaq üçün kifayət qədər texnikaya malik olması üçün xeyli vaxta ehtiyac duyduğunu göstərir.
Məsələyə Rusiya ilə münasibətlər baxımından baxsaq, koalisiyanın əsas tərəfdaşının istəksizliyinə baxmayaraq, Almaniya getdikcə kiçik koalisiya tərəfdaşlarının və Vaşinqtonun təsiri ilə Ukrayna-Rusiya müharibəsinin tərəfinə çevrilir. Bu, bir tərəfdən Moskva ilə birbaşa qarşıdurma riskini artırır, digər tərəfdən, münaqişənin sülhlə bitəcəyi təqdirdə belə, Almaniya ilə Rusiya arasında münasibətlərin əvvəlki vəziyyətinə qayıtması ehtimalını azaldır.
Firuz Bağırov
Ordu.az